en az
← Arxiv

"Şövkət" bədii filmin nümayişi

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalı çərçivəsində 31 oktyabr – 2 noyabr tarixlərində “Suraxanı” gəmi-muzeyində ziyarətçilər üçün xüsusi proqram təqdim olunacaq. Tədbir günlərində muzeydə Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş "Şövkət" bədii filmin nümayişi baş tutacaq. Bununla yanaşı, ziyarətçilər xanım kapitanın həyat və fəaliyyətini əks etdirən unikal ekspozisiya ilə tanış olacaqlar. Proqram çərçivəsində həmçinin muzeyin peşəkar bələdçiləri tərəfindən tematik turlar təşkil ediləcək. Tur zamanı qonaqlara Xəzər dənizinin və milli gəmiçiliyin tarixi, Abşeronda neft hasilatının başlanğıcı, gəmiçiliyin inkişaf mərhələləri, dünyada ilk sayılan gəmilər və dəniz nəhəngləri, naviqasiya alətləri, qədim dəniz düyünləri və gəmi istismarı avadanlıqları barədə maraqlı məlumatlar təqdim ediləcək. Ziyarətçiləri həmçinin interaktiv və texnoloji təcrübələr də gözləyir. “Suraxanı” gəmi-muzeyinin zallarında tətbiq olunan müasir texnoloji həllər sayəsində qonaqlar oyun manipulyatorları vasitəsilə gəminin yanalma əməliyyatını müstəqil şəkildə icra edə, 360 dərəcəli ekran vasitəsilə nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilə biləcəklər. Dünyanın ilk tanker-muzeyində keçiriləcək bu proqram ziyarətçilərə həm Azərbaycan dənizçilərinin qəhrəmanlıq tarixini, həm də müasir muzey mühitində texnologiya və incəsənətin vəhdətini yaxından hiss etmək imkanı yaradacaq.
02.11.2026
10:00 - 18:00
Suraxanı Gəmi-Muzeyi